Rusiya Qırğızıstana qazı 60 dollar ucuz satacaq
Rusiyanın “Qazprom” şirkəti gələn aydan Qırğızıstana mavi yanacağı 60 dollar ucuz satacaq. APA TV-nin məlumatına görə, Qırğızıstan prezidenti Almazbek Atambayev bildirib ki, artıq bununla bağlı “Qazprom”un rəhbəri Aleksey Millerlə razılaşma əldə olunub. Qazın qiymətinin ucuzlaşdırılması ilə bağlı strateji cəhətdən vacib razılaşmalar əldə olunduğunu deyən prezidentin sözlərinə görə, razılaşma oktyabrın 1-dən qüvvəyə minəcək. Qırğızıstanın şimalı və Bişkekə nəql olunan qazın hər min kubmetrinə görə “Qazprom”a 165 dollar ödənəcək. Bundan əvvəl “Qazprom” Qırğızıstana qazın hər min kubmetrini 225 dollara satırdı.
Qeyd edək ki, hazırda Qırğızıstanın cənub regionlarının mavi yanacaqla təminatında ciddi problemlər yaranıb. “Qazprom” “Qırğızqaz” şirkətinin nəzarət səhm paketini aldıqdan sonra Özbəkistan heç bir səbəb gətirmədən Qırğızıstanın cənubuna qaz verilişini dayandırıb. Almazbek Atambayev bildirib ki, “Qazprom”la ölkənin şimalından cənubuna yeni qaz kəmərinin çəkilməsi barədə də razılıq əldə olunub. Rusiya tərəfi bu planın gerçəkləşməsinə 45 milyard rubl ayıracaq.