Luqansk aeroprortu ətrafında döyüşlər şiddətlənib
Ukrayna silahlı birləşmələri Luqansk aeroportunun müdafiəsini davam etdirirlər. APA TV-nin məlumatına görə, antiterror əməliyyatına məsul qurumun (ATO) yaydığı rəsmi xəbərdə bildirilir ki, aeroportu yenidən nəzarətə götürmək istəyən separatçılar zirehli texnika və ağır artilleriya qurğularından istifadə edirlər. Buna rəğmən Ukrayna tərəfi hələlik mövqelərini qoruyub saxlamaqdadır. İlovaysk yaxınlığında isə Ukrayna batalyonları hələ də mühasirədə qalmaqdadır. Bu günə kimi “Donbas” batalyonunun 100-dək üzvü mühasirədən çıxmağa müvəffəq olub. Mühasirə dalğasını yarmaq və batalyonun şəxsi heyətini xilas etmək üçün əraziyə əlavə qüvvələr göndərilir. Donetsk ətrafında da döyüşlər davam edir. Şəhər aeroportu və dəmiryolu vağzalı döyüşlərdə ciddi zərər görüb. Sosial şəbəkələrdə aeroport və vağzalın bombardman edildikdən sonrakı vəziyyətini əks etdirən yeni görüntülər yayımlanıb. Ukrayna prezidenti Poroşenko bəyan edib ki, antiterror əməliyyatı aparılan bölgədə uğursuzluqların səbəbləri araşdırılacaq və lazımi kadr islahatları aparılacaq.