Bakıda mədəniyyətlərarası dialoq mövzusunda görüş keçirilir
Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakıda mədəniyyətlərarası dialoqla bağlı tədbirin keçirilməsi rəmzi xarakter daşıyır. APA TV-nin məlumatına görə, bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevin “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciətində öz əksini tapıb.
Mədəniyyətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın oxuduğu müraciətdə deyilir ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Prezident İlham Əliyev müraciətində nəzərə çatdırıb ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tətbiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub: ““Ümidvaram ki, Mərkəz ö fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin yaradacaq”.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Avropada mədəniyyətlərarası və dinlərarası dialoqa nail olmaq və dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatlar, nüfuzlu dini qurumlar, ölkələr səylərini birləşdirməlidir: “Mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizmin və dini radikalizmin nəticəsində meydana çıxmış münaqişələrin həll edilməsi, eləcə də dünyada və regionda sülh və əmin-amanlığlın bərqərar olmasıdır. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız bir Avropa ölkəsinin digərinə qarşı təcavüzü kimi deyil, eyni zamanda böyük bir regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman önəm verilib: “Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif mədəniyyət və dinlərə məxsus insanların qarşılıqlı və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı xalqımızın ağır problemi olan Qarabağ problemi ilə bağlı məsələdə də unutmur, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında, ədalətli, sülh yolu ilə həllində israr edirik”.
Tədbirdə iştirak edən Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni tarixən də Azərbaycanda buddist, xristian və müsəlmanların tolerant şəkildə birgə ticarətlə məşğul olduğunu deyib: “Avropada ayrı-seçkilik, ksenofobiya artır. Bunun başlıca səbəbi insanlar arasında ünsiyyətin olmamasıdır. Biz insanların bir-birinin dininə, əqidəsinə, etnik mənsubiyyətinə, hüquqlarına hörmət etmək sahəsində səylərimizi artırmalıyıq”.
Xatırladaq ki, tədbir çərçivəsində müxtəlif etnik və dini qrupların nümayəndələri tədbirdə çıxış ediblər. Çıxışlar 2 gün ərzində panel iclaslarında davam edəcək.