Mövlananın sirli məzarı - REPORTAJ

"Yolumuz Konyayadır - Sevgi, barış və qardaşlığın simvolu olan Konyaya".

 

Yolumuz uzun idi. Amma Türkiyənin əvəzedilməz  nəqliyyat vasitəsi olan sürət qatarı ilə bu yolu 1 saat 55 dəqiqəyədək qısalda bildik və budur, Konyadayıq. Avropa ilə Asiyanın qapısı. Tarixin ən qədim dövrlərindən bu günə qədər bir çox mədəniyyətin beşiyi olan şəhər.

 

Bu şəhərə gələnlərin əsas məqsədi bəllidir. Həzrəti Mövlanəni ziyarət etmək. Biz də birbaşa  bu sirlərlə dolu muzeyə getdik.

 

Əllərini açıb dua oxuyanlar, gözlərini yumub imdad diləyənlər, şükür edənlər. Bunlar Həzrəti Mövlanə ziyarətgahında yaşananlardır. Minlərlə yerli və xarici ziyarətçi Mövlanənin gül bağçasında, onun hüzürundadır.

 

Mövlanə Cəlalədin Rumi 1207-ci ildə Əfqanıstanda doğulub. 1222-ci ildə ailəsi ilə birlikdə Karamana gəlib. Bir neçə il sonra Səlcuq hökmdarları Əlaəddin Keyqubadın dəvətini qəbul edərək Konyaya köçüb. Bundan sonra Mövlanə bütün ömrünü Səlcuqların paytaxtı Konya şəhərində keçirib.  Şəhərin adını dünyaya tanıdan və milyonlarla insanı bu şəhərə gəlməyə vadar edən Mövlanənin izləri Konyanın hər yerində görünür. Mövlanə Muzeyi Konyanın lap mərkəzindədir.  

 

1273-cü ildə Konyada bir cənazə qaldırılır. Ruminin cənazəsi. Dəfnə yüz minlərlə insan qatılır. Qələbəlik elə böyük olur ki, Mövlananın nəşi İplikci Camisindən 500 metr irəlidəki bu türbəyə düz 8 saata gətirilib çıxarılır. Müsəlmanlar Mövlanənin nəşini dəfn edə bilmək üçün qeyri-müsəlmanların cənazə namazından çıxmasını istəyib. Ancaq onlar "Bizə İsanı da, Musanı da Mövlanə öyrətdi" deyiblər.

 

Mövlanənin qəbrinin altında bir məzar otağı var. Bu otağa 800 il ərzində yalnız bir nəfər enib. Keçmiş zamanlarda Türklərdə qəbirin altında məzar otağı düzəldərlərmiş. Mövlanənin nəşi də 4 metrlik bir məzar otağına qoyulub. Ancaq o tarixdən bu günə qədər məzar otağına heç kim girməyib. Yalnız Sultan Dördüncü Murad Mövlanənin türbəsini ziyarətə gəldiyində məzar otağının içində nə olduğu ilə maraqlanıb və otağa girmək istəyib, türbədəkilərin etirazı ilə qarşılaşıb. Sultan əlindəki təsbehi bilərəkdən ağzı açıq otağa atıb. Təsbehi almaq üçün 7 yaşında bir qızı məzar otağına endiriblər. Bilinən tək şey bu olub. Qız məzar otağından çıxarkən dili tutulub. Ancaq bu sirli otağın hekayəsi bununla da bitmir. Rəvayətə görə, 1930-cu ildə muzeyin müdiri Yusif Aykurt bir gün qərara gəlir ki, həmin otağa ensin. Tam qapağı açmaq üzrə ikən bir adam qışqıraraq içəri girir. Müdir bəy, yetişin, eviniz yanır. Müdir gələnə qədər evinin yanıb kül olduğunu görür.

 

1640-cı ildə məzar otağının ağzı qurğuşunla bağlanıb. O tarixdən sonra məzar otağının qapısı heç vaxt açılmayıb.

 

Türbəyə daxil oluruq. İçəridən sakit ney səsi gəlir. Mövlanənin və atasının türbəsinin olduğu yerdə çəkiliş aparmaq qadağandır. Mühafizəçi çəkiliş edənlərə mane olmağa çalışır. Burda 31 qəbir var. Mövlanənin məzarı gümüş qəfəslə ayrılır. Üzəri Quran ayələri ilə nəfis şəkildə bəzədilib. Yanında isə atası və oğlu dəfn edilib.

 

Topkapı Sarayından sonra ən çox gəlir gətirən ikinci muzey Mövlanə muzeyidir. 18.000 kvadrat metr ərazisi olan muzeyə bir il ərzində 1 milyon 700 mindən çox  ziyarətçi gəlir. Muzeyi adi günlərdə 1000-1500 turist ziyarət edir, mərasimlər zamanı bu rəqəm gündəlik 4 min nəfər olur.

 

Mövlanənin dünyəvilik baxımından mükəmməl əsərləri tərcümə edildiyi bütün dillərdə böyük marağa səbəb olur. Çünki Mövlanə hələ 800 il əvvəl insanın irqinə, dilinə, inancına baxmadan ona “gəl” deyirdi.

 

"Gəl, gəl, nə olursan ol, gəl. İstər kafir ol, istər bütə sitayiş edən. Amma gəl. Bizim dərgahımız ümitsizliyin dərgahı deyil. Yüz kərə tövbəni pozmuş olsan da, yenə gəl" - demiş Mövlanə. Odur ki, hər gün yüzlərlə insan Mövlanənin qəbrini ziyarət etməyi özünə borc bilir.

 

Ancaq bir həqiqət də var. Mövlanəni elm məqamından eşq məqamına, alimlik mərtəbəsindən aşiqlik mərtəbəsinə ucaldan bir şəxs var idi. Şəms Təbrizi. Bu haqda isə APA TV-nin əməkdaşlarının hazırladığı növbəti reportajda...

 

Jalə Məmmədli

Azər Nağıyev

Ankara- Konya 

Müəllif | Apa.Tv