Mübariz Qurbanlı: "Yas mərasimlərində təmtəraq və israfçılıq olmamalıdır"
"Yas mərasimləri dinimizin tələblərinə uyğun olmalı, eyni zamanda təmtəraq və israfçılığa yol verilməməlidir".
APA TV-nin məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, yas mərasimləri ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, bu tədbirlər həddini aşmamalı, müəyyən nizam qorunmalıdır. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 2009-cu ildə bununla bağlı fətva verdiyini və yas mərasimlərində israfçılığa yol verilməməsinə dair çağırış etdiyini xatırladıb: “Yas mərasimlərində hədsiz təmtərağa, israfçılığa yol verilməməsi barədə Azərbaycan hakimiyyətinin, Dövlət Komitəsinin də tövsiyəsi var. Bir çox rayonda yas mərasimlərində insanlarımız bu tövsiyələrə əməl etməkdədir. Bakı şəhərində də uzun müddətdir, yas mərasimlərində xeyli dəyişiklik baş verib. Yəni bu gün Azərbaycanda bu məsələ ictimaiyyətin də, medianın da diqqət mərkəzindədir".
Mübariz Qubanlı ümid etdiyini bildirib ki, bu sahədə təşviqat, təbliğat işi aparıldıqdan sonra mərasimlər milli adət-ənənələrimizə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçiriləcək.