Luqansk aeroportu separatçıların əlinə keçdi, Ukrayna ordusu geri çəkildi

Ukrayna hərbi komandanlığı Luqansk aeroportunda mövqe tutan hərbi birləşmələrə geri çəkilməyi əmr edib. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya - analitik mərkəzinin spikeri Andrey Lısenko açıqlama yayıb. Onun sözlərinə görə, aeroport uğrunda bir neçə gündür ağır döyüşlər getsə də, Ukrayna rəhbərliyi canlı qüvvəni qorumaq üçün bütün birləşmələrə hava limanını tərk etmək və Georgiyevka yaşayış məntəqəsində mövqe tutmaq barədə əmr göndərib. Bununla da Luqansk aeroportu rəsmən separatçıların əlinə keçib. Lısenko Ukrayna ordusunun geri çəkilməsini ərazinin aramsız artilleriya zərbələrinə tutulması və mövqelərə dəqiq zərbələr endirilməsi ilə əsaslandırıb.

Qeyd edək ki, Luqansk aeroportu uğrunda döyüşlərdə separatçılar tank birləşmələri və ağır artilleriyadan istifadə edirlər. Son bir gün ərzində Donbasda keçirilən əməliyyatlarda Ukrayna tərəfi 7 hərbçi itirib, 25 hərbçi yaralanıb. Son 24 saatda separatçıların 80-dək itki verdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv