Prezident yeniyetmələrin II Yay Olimpiya Oyunlarının iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib. Yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli komandamızın Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayan dövlət başçısı idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirib.

 

İdmançıları təbrik edən prezident İlham Əliyev deyib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir.

 

Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan dövlət başçısı deyib ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər.

 

Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu deyib və bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlətimizin başçısı bildirib ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır. 

Müəllif | Apa.Tv
Apa.tv