Salyanda satıcı qadını yaralayan kişi sonra özünə xəsarət yetirib

Salyanda bıçaqlanma hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarında Salyan şəhərinin Təbriz Xəlilbəyli küçəsindəki ərzaq mağazalarının birində qeydə alınıb. Mağazanın daimi müştərisi, Salyan şəhər sakini Rəfael Rüstəmov mağazada satıcı işləyən qadına üzərində gəzdirdiyi çəkiclə xəsarət yetirib. Sonra evə qayıdan Rəfael Rüstəmov bıçaqla öz bədəninə 7 zərbə vurub. Atasının hərəkətinə əsəbiləşən oğlu Elbrus Rüstəmov da əsəbindən pəncərə şüşəsini sındıraraq əlini kəsib. Hər 3 yaralı dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralıların həyatını xilas etmək mümkün olub.

 

Həkim Ramazan Əhmədov deyib ki, Rüstəmov Elbrus Rəfael oğlunda kəskin qanaxma olub, qanaxma dayandırılıb və o, xəstə öz təkidi ilə evə getmişdir.

   

Rəfael Rüstəmov isə cərrahiyyə şöbəsində əməliyyat olunaraq, reanimasiya şöbəsində yerləşdirilb. Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı