Ərdoğan: “Azərbaycanın enerji layihələri regional rifah və sabitliyə xidmət edir”

 

 

Cənubi Qafqazda sülh, sabitlik və rifahın bərqərar olması Türkiyənin xarici siyasətinin prioritetləri sırasındadır. APA TV-nin məlumatına görə, bu fikirləri  Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıya səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycandakı seçkilərdən sonra prezidentlərin ilk səfərlərini qardaş ölkələrə etməsi ənənəyə çevrilib:

 

“Türkiyə və Azərbaycan mədəni və insani bağlardan, din və dil birliyindən güc alan, Azərbaycan müstəqillik qazandığından bu yana ortaq səylərlə münasibətləri strateji ortaqlıq səviyyəsinə çatdırmış iki ölkədir”.

 

Rəcəb Tayyip Ərdoğan bildirib ki, Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər və əməkdaşlığa dair bütün məsələlər müzakirə olunacaq:

 

“Eyni zamanda regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparacağıq. Ardınca heyətlərarası görüşlərlə də Türkiyə və Azərbaycan arasındakı münasibətləri ideal nöqtədə dəyərləndirmək fürsətimiz olacaq”.

 

Türkiyə prezidenti Azərbaycanın da iştirak etdiyi strateji təşəbbüslər və layihələrdən danışıb:

 

“Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz xətti, ölkələrimizin enerji sahəsindəki əməkdaşlığının ən önəmli örnəklərindəndir. Bu iki layihə ikitərəfli münasibətlərlə yanaşı, regional rifah və sabitliyə də yardım edir”.

 

Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı müzakirələr aparılacaq:

 

“Səfərim zamanı cənab Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həlli ilə bağlı fikir mübadiləmiz olacaq. Türkiyənin bu istiqamətdə edə biləcəklərini dəyərləndirəcəyik”.

 

Türkiyə prezidenti bəyan edib ki, Bakıya səfərinin iki ölkə və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərini daha da dərinləşdirəcəyinə inanır.

Müəllif | Apa.Tv