Zaqatalada zəlzələdən zərər çəkmiş 3 uşaq bağçası təmirdən sonra istifadəyə verilib

Zaqatala rayonunda 2012-ci ilin may ayında baş verən zəlzələdən zərər çəkmiş daha üç körpələr evi-uşaq bağçası bərpa-gücləndirmə və əsaslı təmirdən sonra yenidən  istifadəyə verilib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilən açılış mərasimlərində Zaqatala  rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və bağça kollektivləri iştirak edib. İlk öncə  Aydın Əhmədov adına şəhər 6 saylı körpələr evi - uşaq bağçasının açılış mərasimi olub. Zəlzələ nəticəsində 6 saylı körpələr evi-uşaq bağçası qəzalı vəziyyətə düşdüyündən istifadə üçün yararsız idi. Ötən ilin dekabr ayından başlayaraq   bağçada bərpa gücləndirmə və  əsaslı təmir işləri aparılıb. Müasir tələblərə uyğun şəkildə təmir edilən körpələr evi –uşaq bağçasına yeni korpusda tikilərək əlavə edilib. İkimərtəbəli körpələr evi-uşaq bağçası  95 yerlik və 5 qrupdan ibarətdir.

 

Zaqatalanın ən ucqar yaşayış məskənlərindən biri olan Lahıc kəndində də dövlət vəsaiti hesabına ikimərtəbəli,  35 yerlik körpələr evi-uşaq bağçası tikilərək balacaların ixtiyarına verilib.  Rayonun Danaçı kəndində isə  ikimərtəbəli 40 yerlik, 2 qruplu  körpələr evi-uşaq bağçası tikilib. Hər üç körpələr evi-uşaq bağçası müasir avadanlıq və invertarlarla təchiz edilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov