Slovakiya Ukraynaya ildə 6,4 milyard kubmetr revers qaz ötürəcək

Slovakiya Ukraynanın mavi yanacaqdan asılılığını azaltmağa yardım etmək öhdəliyinə sadiqdir. APA TV-nin məlumatına görə, Slovakiyanın “Eustream” şirkəti oktyabrın 1-dən etibarən Ukraynaya ildə minimum 6,4 milyard kubmetr mavi yanacaq nəql etməyə boyun olub. Slovakiya Ukraynaya gündəlik ən azı 17,6 milyon kubmetr qaz ötürəcəyini bildirib. Şirkətin açıqlamasında qeyd olunur ki, 2019-cu ilin sonlarına kimi gündəlik nəql həcmi 27 milyon kubmetrə çatdırıla bilər. Xatırladaq ki, Avropadan Ukraynaya test rejimində revers qazın ötürülməsinə avqustun 16-dan başlanıb, dünəndən etibarən isə qaz nəqli adi iş rejiminə keçib. Lakin “kiçik revers” Ukraynaya Slovakiya marşrutundan tam həcmdə istifadə etməyə imkan vermir və onun “Qazprom”dan asılılığını çox da azaltmır. Ukrayna “böyük revers” imkanlarından yararlanmaq istəsə də, “Qazprom” buna imkan vermir, çünki şirkətin “böyük revers”dən istifadə edilməyəcəyinə Slovakiya ilə müvafiq razılaşması var. Qeyd edək ki, “revers” artıq qalan qaz ehtiyatının üçüncü ölkəyə ötürülməsini nəzərdə tutan anlayışdır.

Müəllif | Apa.Tv
Apa.tv