İŞİD-ə əsir düşən hərbçilərin ailələri İraq parlamentinə hücum etdi

İraqda iki aydan çox İŞİD-in işğalında olan Əmirli şəhərinin azad edilməsindən sonra hökumət qüvvələri yenidən Bağdad-Kərkük avtomobil yolunu nəzarətə götürüblər. APA TV-nin məlumatına görə, ölkənin əsas magistral yollarından sayılan bu yolda nəqliyyatın hərəkəti həftələrdir radikal islamçılarla döyüşlər səbəbindən dayanmışdı. İraq ordusu terrorçulara qarşı əməliyyatları Kərkük istiqamətində davam etdirir. Bağdadda 100-dən çox vətəndaş ölkə parlamentinin binasına daxil olaraq qalmaqal yaradıb. Onların iyunda Tikrit şəhərində İŞİD-ə əsir düşmüş hərbçilərin ailə üzvləri olduğu deyilir. Əsir düşən hərbçilərin ailə üzvləri millət vəkilləri ilə görüş tələb ediblər, deputatlar isə buna etiraz ediblər. Bəzi millət vəkillərinin hətta əşyalarını parlament binasında ataraq qaçdıqları məlum olub. ABŞ və müttəfiqlər isə bölgəyə humanitar yardımlarını davam etdirirlər. Terrorçuların nəzarətində olduğu ərazilərə yardımlar təyyarələrdən atılır. Azad olunmuş yaşayış məntəqələrində isə əhali içməli su, qida məhsulları və bəzi vacib məişət əşyaları ilə təmin olunur.

Müəllif | Apa.Tv
Apa.tv