KTN kənd təsərrüfatı məhsullarının qiymətinin dəyişməsi ilə bağlı açıqlama yayıb

Kənd Təsərrüfatı Nazirliyi bu ilin avqust ayında kənd təsərrüfatı məhsullarının qiymətinin dəyişməsi ilə bağlı açıqlama yayıb. APA TV-nin xəbərinə görə, açıqlamada bildirilir ki, son günlər bəzi KİV-lərdə ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı əsassız informasiyalar yayılır. Sistemli şəkildə aparılan peşəkar təhlillər isə əslində vəziyyətin fərqli olduğunu göstərir. Mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə aşağı olub. Qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac var idi.

 

"Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir göstərib. Avqustun 8-9-dan başlayan psixoloji təsir ayın 28-29-dan zəifləməyə başlayıb. Ayın sonunda qiymətlərin formalaşmış yeni səviyyəsi, demək olar ki, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir. Hətta kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm kimi məhsullar üzrə daha aşağı səviyyədədir. Burada yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti bu və ya digər səviyyədə istisnalıq təşkil edir. Yəni bu məhsulların qiyməti ötən ilin müvafiq dövrünə nisbətən yuxarıdır" deyə açıqlamada bildirilib.

 

Qeyd olunub ki, qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmayıb, çünki bu, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı