Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

 

Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti R.T.Ərdoğan arasında təkbətək görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

 

Görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Azərbaycan prezidenti İlham Əliyev R. T. Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib: "Hörmətli cənab prezident, əziz qardaşım. Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Fürsətdən istifadə edib qazandığınız böyük qələbə münasibəti ilə sizi təbrik edirəm. Bu qələbə bir daha onu göstərir ki, son dövrlər gördüyünüz işlər türk xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra siz Azərbaycana səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir. Bu əlaqələr ən yüksək pillədədir. Bu gün təkbətək görüşdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Həm ikitərəfli, həm də beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha gördük ki, bizim birliyimiz günü-gündən güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir. Bir amalımız var ki, Türkiyə-Azərbaycan dostluq əlaqələrini uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaq".

 

R. T. Ərdoğan isə bəyan edib ki, Türkiyə və Azərbaycan rəhbərləri arasında qarşılıqlı ilk rəsmi səfərlər artıq ənənəyə çevrilib və bu da münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, görüşdə bir çox məsələ müzakirə olunub: “Türkiyə-Azərbaycan münasibətləri bundan sonra çox fərqli formada inkişaf edəcək. Hazırda bölgədəki problemlər iki ölkənin müştərək çözəcəyi problemlərdir. Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək. Bunu hər zaman söylədik. Münasibətlərimizin inkişafı yönündə səylər eyni qətiyyətlə davam etdiriləcək. Bunun da özəlliklə bilinməsini istəyirəm ”.

 

Müəllif | Apa.Tv
Apa.tv