Kərküklü jurnalist: "Mühasirədən çıxan Amerli müqavimət simvoluna çevrilib"

"Amerli bu gün İraqda həqiqətən zəfərin və müqavimətin simvoluna çevrilib. Bütün İraq bundan danışır".

 

Bu sözləri APA TV-yə kərküklü jurnalist Əli Mükərrəm Kasapoğlu deyib: "İraqın Tuzhurmatu rayonunun vacib qəsəbələrindən olan Amerli tam 80 gün İŞİD-in mühasirəsində qaldı. Bu müddətdə insanlar həqiqətən aclıq, susuzluq çəkdilər, elektrik olmadı. Onlar yalnız qəsəbələrində olan buğda və bu kimi qidalarla dolandılar".

 

3 gün əvvəl isə  İraq ordusu ilə türkmən gücləri bir-birinə dəstək göstərərək bu mühasirəni qıra  bilib: "İŞİD Suriyadan İraqa gələrək Mosul kimi bir şəhəri ələ keçirmişdi. Amma sadəcə 20 minlik türkmənlərin yaşadığı Amerliyə girə bilmədi. 20 minlik insan silahsız, amma öz gücü, iradəsi ilə 80 gün boyunca aclığa, susuzluğa və İŞİD-in hücumlarına müqavimət göstərməyə çalışdı və bunu bacardı. Amerlidə hazırda vəziyyət çox yaxşıdır. 2 gündür, oraya yemək, içmək və hər cür yardım göndərilir. Bir çox təşkilat da buraya yardımlar göndərməyə başlayıb".

 

Onun sözlərinə görə, Amerli hazırda azad olsa da, ciddi problemlər qalmaqdadır: "Hazırda Amerli xalqı 80 gündən sonra təhlükəsiz vəziyyətdə yaşayır. Amma 80 günün təsirləri təəssüf ki, hələ də var. Çünki qadınlar, uşaqlar hələ qorxu içərisindədir. Bu kimi insanlar oradan təxliyə edilir və müalicəsi aparılır. Orada su və elektrik hələ də yoxdur".

 

Bölgə üçün İŞİD təhlükəsi isə artıq yoxdur. Kasapoğlunun sözlərinə görə, Amerli ətrafındakı kəndlər də hazırda İŞİD-dən təmizlənib və terrorçu qruplaşma geri çəkilməyə başlayıb. 

 

Müəllif | Apa.Tv