Ağdamda neolit dövrünə aid arxeoloji mədəniyyət nümunələri aşkarlanıb

Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən İsmayılbəytəpə neolit dövrü yaşayış yerində xeyli sayda arxeoloji mədəniyyət nümunələri aşkarlanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası”nın Qarabağ düzənliyində apardığı qazıntılar zamanı yaşı səkkiz min ilə yaxın olan tikili divarları, sapand daşları və təsərrüfat küpləri tapılıb: "Əsas divarın hündürlüyü 3 metr 44 sm, eni isə 1 metrdən çoxdur. Divarlar konturforslarla müəyyənləşdirlib, otaqlar arasında pəncərələr tikilib. Qazıntılar nəticəsində mədəniyyət abidəsinin qalınlığının 5 metrdən çox olduğu müəyyənləşdirlib. Bunun da 1,5 metri yer səviyyəsindən aşağıda qeydə alınıb".

 

Qazıntı zamanı tapılan maraqlı nümunələr arasında həcmi ənənəvi ölçülərdən daha böyük olan iki təsərrüfat küpü və 52 ədəd böyük sapand daşı da var. Aşkarlanan arxeoloji mədəniyyət nümunələrinin qalıqları bərpa olunmaq üçün yerli mütəxəssislərin ixtiyarına veriləcək.

 

Qazıntı işləri ilə yanaşı mütəxəssilər Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində 30-dan çox arxeoloji abidəni elektron qeydiyyata alaraq xəritələşdiriblər.

 

Müəllif | Apa.Tv