Ölümcül virusun Azərbaycanda yayılmasının qarşısının alınması üçün hansı tədbirlər görülür?

"Afrikanın qərbində geniş yayılmış Ebola virusunun Azərbaycanda yayılmasının qarşısının alınması üçün Təhsil Nazirliyi bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir. Bunlardan birincisi 2014-2015-ci tədris ilində xarici tələbələrin ölkəmizə gəlişi zamanı onların ciddi nəzarət altında saxlanmasıdır".

 

Bunu APA TV-yə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində 2013-2014-cü tədris ilində Afrikanın müxtəlif ölkələrindən 52 nəfər tələbə təhsil alıb ki, onlardan 29 nəfəri Nigeriya vətəndaşıdır.

 

"2013-2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı 4992 nəfər təşkil edib. Afrika ölkələrindən olan tələbələrin əksəriyyəti Bakı Dövlət Universitetində (11 nəfər), Naxçıvan  Dövlət Universitetində (8 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetində (7 nəfər), həmçinin Azərbaycan Diplomatik Akademiyası Universitetində (7 nəfər) təhsil alırlar. Virusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün sərhəd keçid məntəqələrində lazımi yoxlamalar aparılır və xəstəliyin daşıyıcısı olması ehtimal olunan şəxslərin ölkə ərazisində daxil olması  məhdudlaşdırılacaq".

 

Nazirlik rəsmisi deyib ki, əcnəbi tələbələrin Azərbaycan ərazisində sərbəst hərəkət edə bilmələri üçün hər hansı qadağa tətbiq edilməyəcək. Çünki hər bir tələbə istənilən halda sərbəst şəkildə dərs proseslərində iştirak edə bilər. Lakin onlar bir müddət nəzarət altında olacaqlar. Hazırda Afrika ölkələrində dövlət xətti və dövlət proqramı çərçivəsində təhsil alan Azərbaycanlı tələbənin olmadığını deyən Cəsarət Valehov deyir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təxminən 1800 nəfər tələbə müxtəlif xarici ali təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında hökumətlərarası müqavilələr əsasında Azərbaycan vətəndaşları üçün ayrılmış təqaüdlər hesabına təxminən 500 nəfər tələbə xarici ölkələrdə təhsil alır. Həmin tələbələr də müvəqqəti yaşadıqları ölkələrdə nəzarət altında olacaqlar. Onlar ölkəmizə qayıtdıqları zaman sərhəd keçid məntəqəsində müayinə ediləcəklər. Daha sonra müəyyən müddətdə də nəzarətdə saxlanılacaqlar. Bütün görülən tədbirlər ölkə vətəndaşlarının "Ebola" virusuna yoluxma təhlükəsini aradan qaldırmağa hesablanıb. Qeyd edək ki, sözügedən məsələ ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, ölkəyə gələn və xarici ölkəyə səfər edib geri qayıdan bütün yerli və əcnəbi insanlar sərhəd keçid məntəqəsində ciddi yoxlanılacaqlar. Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov deyib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, əcnəbi tələbələrin ölkəmizə gəlişi real virus təhlükəsi yaradır. Bunu nəzərə alan Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə müvafiq danışıqlar aparıb. Ölkəyə gələn əcnəbi tələbələrin bütün koordinatları əldə olunacaq. Onların hansı ali təhsil müəssisəsində təhsil aldıqları, yaşadıqları ünvanlar və əlaqə saxladıqları bütün şəxslər ciddi nəzarət altında saxlanılacaq.

 

"Nigeriyadan gələn tələbələrdə "Ebola" virusunun ola bilmə ehtimalından sığortalanmaq üçün Səhiyyə Nazirliyinin gördüyü tədbirlər sırasına ilk öncə onların sərhəd keçid məntəqəsində yoxlanılması təmin ediləcək. Hazırda ölkəyə gələn hər bir şəxs yoxlanılır.  Həmin tələbələr haqqında olan bütün məlumatlar toplanılacaq. Əgər hər hansı bir şübhəli hal müşahidə olunarsa onlar hospitallaşdırılacaq. Əgər olmazsa, o zaman bütün məlumatlar toplanılıb onların üzərində gələcəkdə daimi tibbi müşahidələr aparılacaq".

 

Bu xəstəliyin gizli dövrünün 2-21 gün arasında davam etdiyini deyən həkim bildirib ki, bu müddətdə həmin insanlarda xəstəlik müşahidə olunmazsa, onlara nəzarət edilməsinə də son qoyulacaq. Əksinə, belə bir hal aşkarlansa, o zaman həmin şəxslər Elmi-Tədqiqat Ağciyər Xəsətəlikləri İnstitutunda yaradılan xüsusi rejimli palatalara yerləşdiriləcəklər. Onların laborator analizi isə Taun Əleyhinə Dispanserdə həyata keçiriləcək.

 

"Bu xəstəlik təmas vasitəsi ilə keçir. Xəstə insandan digərinə keçə bilir. Eyni zamanda xəstə insanın qanı ilə, orqanizmin bioloji mayeləri ilə keçməsi mümkündür. Hətta xəstə insanın məişət əşyaları ilə keçməsi də ehtimalı böyükdür. Əcnəbi vətəndaşlara müəyyən zaman çərçivəsində təmas yaratmamaq tövsiyə olunur. Onların xəstəliyin daşıyıcısı olub olmadığını öyrənmək məsləhət görülür".

 

Sentyabrın ilk on günlüyündə əcnəbi tələbələrin ölkəmizə gəlişindən paytaxt sakinləri də ciddi narahatlıq keçirirlər.

 

"Mən düşünürəm ki, əcnəbi tələbələr ölkəyə girəndə onlar yoxlanılacaqlar. Şəhərdə nəzarət altında gəzmələri məsləhətdir".

 

"Mən tələbəyəm. Hesab edirəm ki, onlar bir müddət karantində saxlanılsalar daha məqsədə uyğundur. Amma bütün tələbələrdən təcrid etmək o qədər də düzgün olmazdı".

 

"Yəqin ki, təhlükə olarsa bizə ali məktəbdə ciddi nəzarət edəcəklər. Onlardan uzaqlaşmaq da düzgün deyil. Çünki onlar bizim tələbə yoldaşlarımızdır. Tanıyırıq. Sadəcə yoxlanılsalar yaxşı olar".  

 

Yeni tədris ilinin başlanmasına saylı günlər qalıb. Görülən tədbirlərlə yanaşı, vətəndaşların diqqətli olmaları məsləhət görülür.

Müəllif | Apa.Tv