Gəncədə 31 yaşlı kişi qəbiristanlıqda güllələnib

Gəncədə 4 saylı şəhər qəbiristanlıqda silahlı insident baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ötən gün şəhər sakini, 31 yaşlı Zaməddin Fərəcov ayaq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkim Şahin Quliyev deyib ki, ilkin müayinə zamanı xəstədə sağ baldır sümüklərinin aşağı üçdə bir hissəsində odlu silah yaraları aşkar olunub. Xəstənin sözlərinə görə, tanımadığı şəxs ona xəsarət yetirib. Xəstəyə ilkin yardım göstərilib. Hazırda vəziyyəti ağırdır, şöbəyə yerləşdirilib.

 

Zərərçəkən bildirib ki, naməlum şəxs tərəfindən “Vinçester” markalı odlu silahla güllələnib. İnsidentin baş verdiyi qəbiristanlıq Göygöl rayonu ərazisində yerləşdiyindən, hadisəni Göygöl rayon Polis Şöbəsi araşdırır. Şöbədən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli