Azərbaycanda daha bir mobil operatora lisenziya verilib

"Azərbaycanda daha bir mobil operatora lisenziya verilib. Bu, Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA simsiz rabitə operatorudur".

 

APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, “Naxtel” CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb:

 

“Hazırda “Naxtel” Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarda da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rouming xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik”.

 

Nazir deyib ki, Azərbaycanın üçüncü stasionar orbitə malik peykinin buraxılması 2017-ci ilə planlaşdırılıb.

 

“Azerspace-2” SPOT 7 proqramının hazırkı vəziyyətindən danışan  Əli Abbasov deyib ki, Fransa-Azərbaycan kosmik əlaqələrinin əməkdaşlığı çərçivəsində yerinə yetirilən bu proqram üzrə müqavilələrin bağlanması üçün artıq son məsələlər həll olunur.

 

Qeyd edək ki, Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçirilir.

 

Müəllif | Apa.Tv