Azərbaycan prezidenti: "Türkiyə nə qədər güclü olsa, özümüzü o qədər güclü hiss edəcəyik"

Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat üçün birgə bəyanatla çıxış ediblər. İlham Əliyev bildirib ki, bu gün keçirilən təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunub:

 

“Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə bütün dövrlərdə bu istiqamətdə mövqeyini açıq ortaya qoyub, haqqı-ədaləti müdafiə edib. Görüşümüzdə bu məsələ də müzakirə olundu. Azərbaycan torpaqları işğal altındadır, 1 milyon qaçqın var, etnik təmizləmə siyasəti aparılıb. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və əminəm ki, belə olacaq“.
 

Dövlət başçısı qeyd edib ki, “erməni soyqırımı” yalanına qarşı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək:

 

 “Biz qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı fəaliyyətimizi koordinasiya şəklində aparacağıq. İctimai, diaspor təşkilatlarımız birgə fəaliyyət göstərəcək. Yalanı birgə ifşa edəcəyik”.
 

Prezident İlham Əliyev görüşdə müdafiə sənayesi və energetika sahəsində əməkdaşlıq barədə də müzakirə aparıldığını nəzərə çatdırıb. Görüşdə qarşılıqlı sərmayələr də diqqət mərkəzində olub. Azərbaycan prezidenti bildirib ki, yaxın 5 ildə Türkiyəyə daha çox sərmayə qoyulacaq.

 

 “Bu gün birgə əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edib. Əminəm ki, tarixi layihə vaxtında icra olunacaq. Bu, daha geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir. Bu, təxminən 17-20 milyard həcmində olacaq. “Şahdəniz” layihəsində Türkiyə də iştirak edir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Əminəm ki, bundan sonra qardaşlıq əlaqələrimiz daha da inkişaf edəcək”.

 

Rəcəb Tayyib Ərdoğan isə bir çox sahələrdə əməkdaşlığa dair müzakirə apardıqlarını, lakin Dağlıq Qarabağ məsələsinin gündəmdəki əsas məsələ olduğunu vurğulayıb. R.T.Ərdoğan deyib ki, enerji məsələsi də geniş müzakirə olunub:

 

 “TANAP böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji sahəsində gücünü ortaya qoyması, barış xətti olması baxımından çox mühüm layihədir. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcək və işlər başlayacaq. Artıq proses sürətlənəcək. Bu istiqamətdə bundan sonra atacağımız addımları müzakirə etdik”.
 

Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycandakı inkişafı dünya heyrətlə izləyir:

 

“Bunda prezident İlham Əliyev və komandasının böyük rolu var. Ötən dövr ərzində Azərbaycanın inkişafından məmnunam. Qardaşlığımız güclənməsi gələcəyə ümidlərimizi də artırmaqdadır”.
 

R.T.Ərdoğan Azərbaycanla ticarət dövriyyəsinin həcminin ildə 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu açıqlayıb:

 “İnanıram ki, qardaşlığımız daha da güclənəcək. İki ayrı dövlət, bir millətik, bu, Heydər Əliyevin mirasıdır”.

 

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkədə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana “Heydər Əliyev” ordeni təqdim edib.

Müəllif | Apa.Tv
Apa.tv