Bakının mərkəzində zəncirvari qəza olub, 6 avtomobil toqquşub

Bakının Səbail rayonunda 6 avtomobil toqquşub. APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektindəki Dəniz vağzalının yaxınlığında qeydə alınıb. Sürücü Pərviz Babazadə idarə etdiyi “Kia Sportage” markalı maşınla prospektlə hərəkətdə olarkən, yolun qadağan olunmuş hissəsində dayanan "Mercedes" markalı avtomobili vurmamaq üçün avtomobili sola çəkib. Sürət yüksək olduğundan idarəetməni itirən sürücü əvvəlcə avtomobili "Mercedes"ə çırpıb. Daha sonra yol kənarında dayanan “Jeep Grand Cherokee” və “Hyundai Elentra” nı vurub. Sonra isə yaşayış binasına çırpılıb. "Hyundai" də qarşısında dayanan “Galenvagen”ə, sonra isə "Ford Focus"a çırpılıb. Hadisəyə səbəb olan "Mercedes"in və "Kia"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. "Mercedes"in sürücüsünün vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb.Yol-nəqliyyat hadisəsi nəticəsində bütün avtomobillər yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes"in sürücüsünün avtomobili yolun qadağan olunmuş hissəsində saxlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv