Araz çayından 42 kiloluq balıq tutuldu
Araz çayının Türkiyənin Qars vilayətindən keçən hissəsində 42 kiloluq naqqa balığı tutulub. 1 metr 80 santimetr uzunluğunda olan balıq Araz çayı ilə Arpaçayın kəsişdiyi yerdən, Türkiyə-Ermənistan sərhədində yerləşən Qarsın Halıqışla kəndindən tutulub.
Türkiyədə balıq ovu qadağasının aradan qalxması ilə balıqçılar ovuna çıxmağa başlayıblar. Balıqçı dostları ilə birgə ovladığı naqqa balığını iş yerində sərgiləyən Okan Poçin bundan 60 porsiya yemək hazırlanacağını bildirib: "Yerli yeməklər verilən iş yerim var. Bundan 60 porsiya yemək çıxar. Müştərilərə təklif edəcəyəm. Tutduğumuz balığı çaydan çıxarmaq olduqca çətin oldu. Əvvəllər balığı Qars çayından ovlayardıq. İndi suyun kirli olmasına görə heç kəs çaya yaxınlaşmır".
Naqqa balığı Kür və Araz çaylarında geniş yayılıb. El arasında laxa kimi də tanınır. Sümüksüz, əti dadlı balıqdır.