Ukraynada qalmaqal: Müdafiə nazirinin fəaliyyəti araşdırılacaq
Ukrayna Baş Prokurorluğu İlovaysk şəhəri yaxınlığında keçirilən əməliyyat zamanı Müdafiə Nazirliyi və Baş Qərargahın fəaliyyəti ilə bağlı araşdırma aparacaq. APA TV-nin məlumatına görə, baş prokuror Vitali Yarema bildirib ki, nazirlik və Baş Qərargahın fəaliyyəti ilə bağlı şübhələrin araşdırılmasına prezident Poroşenko şəxsən göstəriş verib. Baş Prokurorluq çoxlu sayda Ukrayna hərbçisinin öldüyü İlovaysk əməliyyatı zamanı Müdafiə Nazirliyi rəhbərliyinin qəbul etdiyi qərarların düzgün olub-olmadığına rəy verəcək. Hərbi-texniki ekspertizanın aparılması Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasına tapşırılıb.
Qeyd edək ki, avqustun 24-də Ukrayna ordusunun birləşmələri Donetsk vilayətinin İlovaysk şəhərində mühasirəyə düşüb. Hərbçilər separatçılarla danışığa gedərək mühasirədən çıxmaq üçün təhlükəsizlik dəhlizi açılmasını istəyiblər. Tərəflər arasında razılaşma əldə olunduqdan sonra Ukrayna hərbçiləri yaradılan dəhlizlə İlovayskı tərk etməyə başlayıblar. Təhlükəsizlik dəhlizində hərbçilər pusquda dayanan separatçıların çarpaz atəşinə məruz qalıb. Rəsmi açıqlamaya görə, atəş nəticəsində 300-dək Ukrayna hərbçisi öldürülüb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının son məlumatına görə, İlovayskda mühasirədə qalan hərbçilərin bölgədən çıxarılması prosesi hələ də davam edir.