Xalq artistinin arvadı və nəvəsini öldürən şəxsə 12 illik həbs tələbi!
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev təqsirləndirilən Mədətov Xalid Mübariz oğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə sentyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, bu ilin martında Bakıda Vüqar Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 55 yaşlı Briliant Abdullayeva və 6 yaşlı Ağasəlim Abdullayev hadisə yerində ölüb, 64 yaşlı Ağasəlim Abdullayev və 30 yaşlı Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Xalid Mədətovun hadisəni sərxoş vəziyyətdə törətdiyi müəyyənləşib.
Onu da qeyd edək ki, Xalid Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.