Bakıda inşa olunan nəhəng idman qurğularının layihə dəyəri açıqlandı
Gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına 281 gün qalıb. APA TV-nin məlumatına görə, Avropa Olimpiya Komitəsi Koordinasiya Komissiyası Bakıda keçirilən dördüncü iclasında qarşıda duran işləri müzakirə edib.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, komissiyanın üzvləri yarış obyektlərinə səfər edib və “Bakı-2015 Avropa Oyunları” Əməliyyat Komitəsinin bir sıra şöbələrinin təqdimatları ilə tanış olublar. İdman komplekslərində tikinti işləri fevralın 1-ə qədər başa çatacaq. Azad Rəhimov ilk Avropa Oyunları üçün idman arenalarının quraşdırılması, nəqliyyat, kommunikasiya və digər məsələlər üçün çəkiləcək xərclərdən də danışıb. O bildirib ki, Avropa Oyunlarının Əməliyyat Komitəsinin büdcəsindən bu günə qədər 70-80 milyon manat vəsait xərclənib: “İnşa edilən futbol stadionunun qiyməti 500 milyondur. Su hovuzu və stend atıcılığı kompleksinin layihə işləri hal-hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən qiymətləndirilir. Su hovuz kompleksi layihəsinin təxmini dəyəri 100 milyondan artıqdır. Stend atıcılığı kompleksi isə 50-60 milyon dollara başa gələcək. Heydər Əliyev adına idman-konsert kompleksində fasadın yenilənməsi işləri gedir”.
Komissiyanın sədri Spiros Kapralosa oyunlara hazırlığı yüksək qiymətləndirib: “Ötən bir il yarım müddətində əhəmiyyətli işlər görülüb və yeniliklər, xüsusi ilə də idman proqramı üçün göstərilmiş davamlı səylər müsbət təsir bağışlayır”.
Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının qatılacağı yarışlar 17 gün davam edəcək. Ermənistanın bu yarışlara qatılıb-qatılmayacağına gəlincə, Azad Rəhimov bildirib ki, idman sahəsində idmançılar üçün heç bir məhdudiyyət yoxdur: “Bu gün həm Avropa Olimpiya Oyunları Komitəsi, həm Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Ermənistandan cavab gözləyirik. Mən belə düşünürəm ki, onlarda bununla bağlı müzakirələr gedir”.
Gələn il iyunun 12-28-də keçiriləcək Avropa Oyunları 20 idman növü üzrə keçiriləcək. Oyunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növüdür.