NATO sammitinin gündəmi - Əfqanıstan, Ukrayna, İŞİD...
Uelsdə NATO sammiti başlayıb. APA TV-nin məlumatına görə, tədbirə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları qurumun İSAF-dakı tərəfdaşları da daxil olmaqla 27 ölkə dəvət olunub. BMT və Avropa Birliyinin ali nümayəndələri də tədbirə qatılıblar. Azərbaycan prezidenti İlham Əliyev də NATO sammitində iştirak edir.
Sammit öncəsi tədbir iştirakçılarının, o cümlədən Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Daha sonra ailə fotosu çəkilib. Sammit öz işinə başlamazdan əvvəl ABŞ, Böyük Britaniya, İtaliya, Fransa və Almaniya liderləri Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüş keçiriblər. Görüşdə Donbasdakı vəziyyət müzakirə edilib.
NATO-nun baş katibi Anders Foq Rasmussen də tədbir öncəsi jurnalistlər üçün brifinq keçirərək sammitdə müzakirə olunacaq məsələləri açıqlayıb. Onun sözlərinə görə, iki günlük sammitin ilk günündə Əfqanıstan mövzusu müzakirə olunacaq.
Rasmussen çıxışında Ukraynadakı və İraqdakı vəziyyətə toxunub. O, Rusiya prezidenti Vladimir Putinin 7 maddədən ibarət sülh təşəbbüsünü dəstəklədiyini deyib. İŞİD məsələsinə gəlincə baş katib qeyd edib ki, İraq hökuməti alyansa bu qruplaşmaya qarşı əməliyyatlarda iştiraka dair sorğu göndərməyib. Sorğu olacağı təqdirdə isə o, alyans üzvlərinin bu məsələ ətrafında ciddi düşünəcəklərini vurğulayıb.
İki günlük sammit çərçivəsində dünyada yeni təhdidlərlə mübarizə, silahlı qüvvələrə dəstəyin möhkəmləndirilməsi, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.