Bakıda 3 avtomobil toqquşub, qadın sərnişin yaralanıb

Ötən axşam Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

Babək prospekti ilə şəhər mərkəzinə doğru gələn “Mercedes” markalı avtomobil geriyə dönmə əməliyyatını həyata keçirərkən “Hyundai” markalı maşın arxadan ona çırpılıb. “Mercedes” isə qarşıda olan başqa bir “Mercedes”ə dəyib.

 

Qəza zamanı “Hyundai”dəki qadın sərnişinin başı avtomobilin şüşəsinə dəyib və o, xəsarət alıb. Yaralı sərnişin vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi üzündən xəsarət aldığı ehtimal olunur.

 

“Hyundai” “Mercedes”ə elə zərblə çırpılıb ki, hissələri bir-birinə ilişən avtomobilləri ayırmaq problemə çevrilib. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının və ətrafdakı vətəndaşların köməkliyi ilə maşınları bir-birindən ayırmaq mümkün olub. Qəza nəticəsində Babək prospektində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Müəllif | Apa.Tv