Bakıda gənc ailənin 7 ilə tikdiyi ev kül oldu
Bakının Xəzər rayonunda baş verən yanğın nəticəsində gənc ailə evsiz qalıb. APA TV-nin xəbərinə görə, hadisə Binə qəsəbəsinin “Atçılıq” adlanan ərazisində qeydə alınıb. 27 yaşlı Sadiq Nağıyevin 7 ilə ərsəyə gətirdiyi ev bir göz qırpımında yanaraq külə dönüb.
Zərərçəkən deyib ki, evdən heç nə çıxara bilməyiblər: "Əşyalar, 1500-2000 manat pul, qızıllar yandı. Hasarı təzə tikirdim. Bunun üçün 10-20 manat yığırdım, hamısı yandı getdi".
Onun həyat yoldaşı Aytac Həbibova hadisənin bir anda baş verdiyini bildirib: "Balon qazının üstünə yeməyi qoymuşdum. Balaca bacım da bizdəydi. Uşağı qoydu mənim yanımda, getdi. Uşaq ağladı, anasını istədi. Qonşuya keçdim ki, uşağı anasına verim. Qayıdanda gördüm tüstü çıxır".
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə yaxın digər vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan mansard tipli birmərtəbəli 3 otaqlı evin mansardının 2 ədəd pəncərəsi və dam örtüyü 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.