"Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzinin (MTM) layihəsi çərçivəsində ölkə üzrə keçirilən silsilə seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub.

 

APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən MTM-nin direktoru Elmin Əliyev bildirib ki, "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilib.

 

DQİDK-nın sədr müavini Gündüz İsmayılov ise deyib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

“Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi, milli mədəni və dini münasibətlər mövcud olub. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir" deyə o, bildirib.

 

Müəllif | Apa.Tv