Kənd məktəblərində işləyən müəllimlərə ayda əlavə 160 manat ödəniləcək

"Bundan sonra kənd məktəblərinə işləməyə gedəcək müəllimlər 160 manat əlavə pul alacaqlar".

 

Bu barədə APA TV-də efirə gedən "Sosium" verlişində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzalı Qədirov məlumat verib. 

 

Nazirlik rəsmisi bildirib ki, bu il həvəsləndirmə tədbirləri daha da cəlbedici olduğundan imtahandan keçən gənc kadrların 80%-dən çoxu bölgələrdə işləməyə razılıq verib: "İşə qəbul olan müəllimlərin sayı 1690 nəfər oldu. Onların da 1500-ə qədəri öz razılıqları ilə kənd məktəblərinə göndərildi. Sözsüz ki, onların həvəslə bölgə məktəblərinə getməsinə səbəb hökumətin son  qərarı idi. Yeni qərara görə kənd yerlərində işləməyə gedənlər üçün nəzərdə tutulan aylıq kommunal ödənişlər 40 manatdan  60 manata, 20 km-dən artıq məsafə görə verilən 70 manat  isə 100 manata qaldırıldı. Bu, o deməkdir ki, onlar maaşdan əlavə 160 manat alacaqlar. Kənd yeri üçün bu, əla fürsətdir."

 

Yeni qərarlardan biri də bu güzəştlərin verilməsi üçün nəzərdə tutulan müddətin 3 ildən 5-ilə artırılmasıdır. Fərzalı Qədirovun sözlərinə görə, yenilik ötən illərdə bölgə məktəblərinə gedənlərə də şamil olunacaq: "3 illik müddət başa çatırsa və müəllim arzu edirsə, həmin yerdə qalıb işləsin, ona daha iki il güzəştli müddət verilir. Hal-hazırda yerlərdə 3 illik müddəti başa çatan müəllimlər müraciət etməyə başlayıb".

 

F. Qədirov onu da əlavə edib ki, əvvəllər bölgələrə gedən gənc müəllimlərin bəziləri qısa müddətdə geri qayıtmağa qərar verirdisə, indi bu göstərici xeyli aşağıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv