Zaqatala və Balakəndə bir saatdan artıq tufan olub - TƏBİİ FƏLAKƏT


Bu gecə Şimal-Qərb bölgəsində baş verən qasırğa ciddi fəsadlar törədib. APA TV-nin məlumatına görə, Zaqatala və Balakəndə güclü tufanla müşayiət olunan leysan, yağış və dolu yağıb. Tufan əsasən Zaqatala şəhərinə, Danaçı, Makov və Dardoqqaz, Aşağı Tala kəndlərinə ziyan vurub. Küləyin şiddətindən 600-dən çox irigövdəli ağac qırılıb. Şəhərdə 300-dən çox müxtəlif ictimai və dövlət binalarına, 21 çoxmərtəbəli binaya ziyan dəyib. Rabitə ,enerji və qaz xətləri tamamən sıradan çıxıb. 120 dən çox elektrik dirəkləri yıxılıb, 8 fərdi maşının üstünə ağac və dam örtüyü qırıntıları düşüb. Rayona qaz və enerjinin verilişi tamamilə dayandırılıb.

Zaqatala rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanovun sözlərinə görə, fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır: “Aidiyyəti strukturlara məlumat verilib. Hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün komissiyalar işləyir”.

Güclü tufan Balakən rayonunda da çoxlu fəsadlar törədib. Tufan nəticəsində rayon ərazisində 30-a yaxın çoxmənzilli yaşayış binası və sosial obyektin, yüzlərlə fərdi ev və yardımçı tikilinin dam örtüyü yararsız vəziyyətə düşüb. Şəhər ərazisində çoxlu sayda irigövdəli ağaclar yıxılıb. Elektrik dirəkləri aşıb, təbii fəlakət nəticəsində dağətəyi kəndlərə, əsasən Mahamalar, Katex, Gərəkli, Qazbinə kəndlərinə ziyan dəyib. Rayonda işıq, rabitə və qaz xətləri sıradan çıxdığına görə kommunal xidmətlər iflic vəziyyətə düşüb.

Balakən rayon fövqəladə hallar komissiyasının sədri Azad Balayevin sözlərinə görə, hazırda FHN-nin müvafiq qurumlarının dəstəyi ilə qasırğanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır: “Görülmüş nəticəsində rayon mərkəzinə elektrik enerjisinin verilməsi bərpa olunur, günortaya təbii qazın verilməsi bərpa olunacaq. FHN-nin müvafiq komissiyaları artıq rayona ezam olunublar və birlikdə qasırğanın nəticələri aradan qaldırılacaq”.

Qeyd edək ki, güclü tufan 1 saatdan artıq davam edib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov