Keçmiş Neftçala Yod-Brom Zavodunun çirklənmiş ərazisi təmizlənib

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçmiş Neftçala Yod-Brom Zavodunun neft məhsulları və digər tullantılarla çirklənmiş ərazinin təmizlənməsi layihəsi başa çatıb. APA TV-nin məlumatına görə, layihənin yekununa həsr olunmuş tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə deyib ki, layihə İlham Əliyevin imzaladığı "Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilib. Onun sözlərinə görə, “ECOLAND” MMC-nin həyata keçirdiyi növbəti layihənin məqsədi keçmiş Neftçala Yod-Brom Zavodunun ərazisində 18,9 hektarlıq sahənin təsərrüfatda məhdudiyyətsiz istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tam reabilitasiyasından ibarət olub.

Bərpa işləri FHN rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilib.

Reabilitasiyası işlərinə 16 sentyabr 2013-cü il tarixindən başlanılıb və 2014-cü il avqustun 10-dək davam edib. Bu müddət ərzində zavodun ərazisindən zərərli tullantılarla birlikdə 262,9 min ton çirklənmiş və deqradasiyaya uğramış torpaq Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən zərərli tullantıların basdırılması və saxlanması məntəqəsinə daşınıb.

Təmizlənmiş sahənin təmiz torpaqla təkrar doldurulması və hamarlanması üçün layihə ərazisinə 131,8 min ton təmiz torpaq daşınıb. Zavodun təmizlənmiş sahəsinə layihə ərazisinin cənubunda yerləşən süni göldən çirkləndirici maddələrin qarışmasının qarşısını almaq məqsədilə sahilboyu zolağın uzunu boyu (590 m) tökmə damba tikilib. Ümumiyyətlə, dambanın tikilməsi və ərazidə olan gölməçələrin qurudulması üçün layihə ərazisinə 286,2 min ton karbonat və blok daşınıb.

F. Tağızadə qeyd edib ki, görülmüş işlərin Agentliyin tələblərinə müvafiq olmasını müəyyən etmək üçün Braziliya, Kuba, Fransa, ABŞ və Rusiyadan ekspertlər dəvət olunub.

Agentliyin eksperti Horst Richard Sebastian Monken Fernandes görülən işlərin qiymətləndirilməsi üçün AEBA ekspertlərinin dəvət edilməsini yüksək qiymətləndirib.

“Bu işlərin həyata keçirilməsi bacarıqlı mütəxəssislər, müasir texnologiya tələb edir. Ən əsası isə siyasi mövqedir. Buna görə də ölkə əhalisi üçün belə əhəmiyyətli layihənin həyata keçirilməsinə siyasi dəstək verdiyi üçün Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirəm”.

Ekspert həmçinin bildirib ki, artıq Azərbaycan digər ölkələrə bu sahədə işlərin görülməsi üçün kömək etmək qabiliyyətinə malikdir.


 

Müəllif | Apa.Tv