Əli Həsənov: “Xaricdə təhsil alan gənclərimiz qrup halında təşkilatlanmalıdırlar”

 “Təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi".

APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumunda çıxışında deyib.

Ə. Həsənov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyi də məhv olmaq təhlükəsindən xilas edib:

 

 “O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək 1000 nəfərə çatıb”.

 

Onun sözlərinə görə, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Azərbaycan gənclərinin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq edib.

 

Şöbə müdiri xaricdə təhsil alan və məzun olmuş gənclərə öz tövsiyələrini də çatdırıb:

 

“Gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, Azərbaycan mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən koordinasiya edilməlidir”.

 

Ə. Həsənovun sözlərinə görə, indiyədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra təşkilat əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspora işlərinə daha çox diqqət ayırmalıdır. 

Müəllif | Apa.Tv