Mətbuat Şurası hərbi mövzuda yazan jurnalistlər üçün treninqlər keçirəcək

"Mətbuat Şurasının Müdafiə Nazirliyi ilə birgə apardığı müzakirələr nəticəsində hərbi sahədə, müharibə mövzusunda yazan jurnalistlər üçün treninqlərın təşkil edilməsi nəzərdə tutulur. Həmin jurnalsitlərin nazirlik tərəfindən cəhbə və sərhəd bölgələrinə göndərilməsi planlaşdırılır". Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" adlı konfransda bildirib.

Əflatun Amaşov qeyd edib ki, konfransın keçirilməsində məqsəd avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, konkret təkliflər irəli sürmək və onları sistemləşdirməkdən ibarətdir.

 

MŞ sədri bildirib ki, görüşdən bir həftəyə yaxın vaxt keçib və ümummilli məsələlərlə bağlı səslənən fikirlərin KİV-də hansı dərəcədə nəzərə alınması əhatəli müzakirə olunub: “Döyüş bölgəsindən gələn xəbərlərin öz prinsipləri var. Bu dünya praktikasında da var. Elə məqamlar var ki, döyüş bölgəsində zolaq yaradılır və jurnalistlər o zolağın ətrafına belə getməsi məhdudlaşdırılır. Bir çox hallarda isə bir neçə jurnalistin həmin ərazidə çəkiliş aparmasına icazə verilir. Bəzi məqamlarda isə yalnız Müdafiə Nazirliyinə istinadən məlumatlar verilir. Bizim mediada da bütün bunlar nəzərə alınmalıdır”.

 

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı isə “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliyin edilməsi ilə bağlı təklif səsləndirib: “Hesab edirəm ki, qanunda saytlarla agentliklərin qeydiyyatı bir-birindən ayrılmalıdır. Agentliklərin yaradılması haqqında şərtlər sərtləşdirilməlidir. Bundan sonra isə "KİV haqqında" qanunda istinadın məsuliyyətdən azad edildiyi hallarda dəyişiklik edilməlidir. İstənilən KİV əgər qeydiyyatdan agentlik kimi keçmiş media orqanına istinad edəcəksə, bu, onu məsuliyyətdən azad edə bilər”.
"APA Holding”in rəhbəri onu da əlavə edib ki, ixtisaslı və peşəkar hərbi jurnalist kateqoriyasının formalaşmasının vaxtı çoxdan çatıb.

 

Tədbirdə çıxış edən digər media qurumlarının rəhbərləri də mövzu ətrafında öz fikirlərini bölüşüblər.
 

Müəllif | Apa.Tv