Ukraynada atəşkəs rejimi qüvvəyə mindi

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Silahlı Qüvvələr Baş Qərargahına 5 sentyabr saat 18:00-dan etibarən atışmanı dayandırmaq əmrini verib. APA TV-nin məlumatına görə, sərəncam Rusiya prezidenti Vladimir Putinin qanunsuz silahlı qruplaşma rəhbərlərini atəşkəsə çağırışından sonra verilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko da bəyan edib ki, antiterror əməliyyatı qüvvələri artıq atəşkəs rejiminə riayət etməyə hazırdır.

Prezident Pyotr Poroşenko Uelsdə NATO sammitindəki çıxışında sülh barədə razılaşmanın əldə edilməsindən sonra sentyabrın 6-da əsirlərin azad ediləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən gün Minskdə Ukrayna, Donetsk, Luqanskda yaradılmış qondarma “respublikalar”ın üzvləri və ATƏT-in iştirakı ilə təmas qrupları arasında Donbasda atəşkəsin elan olunması ilə bağlı protokol imzalanıb.

Ölkənin sabiq prezidenti, Ukrayna təmas qrupunun üzvü Leonid Kuçma Minskdə bəyan edib ki, separatçıların nümayəndələri və Ukrayna tərəfi artıq əsirlərin siyahısını mübadilə ediblər.

Atəşkəs elan olunan saatdan sonra Mariupolda atışma olmayıb. Şahidlər Donetsk vilayətində partlayış və atəş səslərinin eşidildiyini deyirlər.

BMT-nin baş katibi Pan Gi Mun da atəşkəs qərarını dəstəklədiyini deyib. O tərəfləri Donbasdakı vəziyyətlə bağlı qərara tam riayət etməyə çağırıb. Baş katib hesab edir ki, prosesə nəzarət qaçılmazdır.

Müəllif | Apa.Tv
Apa.tv