22 ildir talassemiya ilə mübarizə aparan gələcək həkim qızın həyat hekayəsi - REPORTAJ

“Diaqnozum qoyulanda altı yaşım vardı. O yaşda öyrəşdim xəstəxanalara. O yaşdan da xəstəliyim ilk dostum oldu”.

 

Bu, Tibb Universitetinin pediatriya fakültəsinin sonuncu kurs tələbəsi İlahə Həsənlidir. 1998-ci ildə ona homoziqot betta talassemiya diaqnozu qoyulub və elə həmin il cərrahi əməliyyatla dalağı götürülüb.
 

Talassemiya hemoqlobin sintezinin pozulması ilə gedən irsi genetik xəstəliklərdən biridir. Bu xəstəlik qırmızı qan hüceyrələrinin kəskin parçalanması ilə müşahidə olunur və anemiyaya səbəb olur.
 

"Həyatla mübarizəm 6 yaşımdan rəsmiləşdi. 6 yaşıma qədər xəstəliyim haqqında müxtəlif diaqnozlar qoyulub. Yanlış müalicələr aparılıb. Homoziqot betta talassemiyadan əziyyət çəkdiyim dəqiqləşdi. Yanlış müalicələr ucbatından dalağım öz funksiyasını itirirdi. Diaqnozum qoyulduqdan sonra edilən müalicələrin heç bir effekti olmadı. Beləliklə ilk əməliyyat nəticəsində dalağım çıxarıldı. Əməliyyatdan bu günədək hemoqlobin səviyyəsini saxlamaq üçün daimi dərman müalicəsi alıram".
 

İlahə talassemiya ilə 22 ildir mübarizə aparmasına baxmayaraq, təhsilini yarımçıq qoymayıb. Azərbaycan Tibb Universitetinin tələbəsi olan bu xanım səhhəti normal olduğu vaxtlarda Talassemiya Mərkəzində könüllü olaraq həkim köməkçisi işləyir, talassemiyalı uşaqlara yardım edir. Hazırda isə səhhəti əl vermədiyindən dərslərə qatıla bilmir.
"Orta məktəbi yaxşı qiymətlərlə bitirdim. Ali təhsilimi öz arzumla ATU-da alıram. 2014-cü ilin yanvar ayından başlayaraq səhhətim kəskin pisləşməyə başladı. Bu üzdən təhsilimdə də axsamalar var. Martda öd kisəmdən əməliyyat olundum. Bundan sonra bir az da toparlandım. Qanda hemoqlobinin miqdarı getdikcə aşağı düşdüyündən mənə tez-tez qan vurulur. Ən qorxulusu budur ki, indi donor çətinliklə tapılır. Elə bu səbəbdən də bu qış qanım kəskin aşağı düşdü. Bundan sonra isə yıxıldım, onurğam qırıldı".
 

Hazırda İlahənin qanında trombosit miqdarı normadan dəfələrlə yüksəkdir və leykosit miqdarı günü-gündən artmaqdadır. Trombositlərin miqdarı çox olduğundan qan dövranı zəifləyir, qan təzyiqi kəskin düşür və qanın laxtalanması sürətlənir. Nəticədə ürək fəaliyyəti də zəifləyir. Trombositlərin çoxluğu səbəbindən İlahənin ayaqlarında tromblar yaranıb ki, bu da öz növbəsində trofik yaralara gətirib çıxara bilər. İlahə deyir ki, son zamanlar ona köçürülən qanlar bədənində sürətli hemolizə uğradığından qan transfuziyası effektiv olmur. İlahənin həkimi göstərişdə İlahənin təcili olaraq sümük iliyi transplantasiyasına ehtiyacı olduğunu qeyd edib. İlahəni xilas etmək üçün ilk addım bu əməliyyatın baş tutmasıdır. Əməliyyatdan sonra xüsusi müalicələr yeni sümük iliyinin bədəndə funksiyasını bərpa edəcək. Onun xəstəliyinin müalicəsi İtaliya və Almanyada mümkündür. Müalicə üçün nə az, nə çox 250 000 manat vəsait lazımdır ki, ailəsinin buna gücü çatmır. İlahənin atası riyaziyyat müəllimi, anası isə dövlət qulluqçusudur.
"Digər müalicələrin artıq köməyi yoxdur. Sümük iliyi transplantasiyası ilə gen tamamilə dəyişdiriləcək. Bu xəstəlikdən qurtuluş yolu yalnız transplantasiyadır. Qalan müalicələr, qan köçürmələri isə xəstənin daha uzun ömürlü olması üçün vasitədir".
 

23 yaşlı İlahə 7 yaşından bu günə kimi həkim-hematoloq olmağı arzu edib. Özü bu xəstəlikdən əziyyət çəkdiyi üçün talassemiyalı uşaqları necə müalicə etməyi və qayğısına qalmağı hər kəsdən gözəl bilir və bütün gücü ilə bacardığı qədər uşaqlara yardım edir. Amma bu gün İlahənin hər birimizin maddi və mənəvi dəstəyinə ehtiyacı var.
"Bu dəqiqə maddi və mənəvi dəstəyə çox ehtiyacım var. Öz həmyaşıdlarıma bir tövsiyəm var ki, sağlamlıqlarının dəyərini bilsinlər. Çünki sağlamlıqdan gözəl bir şey yoxdur. Birdə mənim kimi tale yaşayanlar həyatı sevməlidir. İnsanda özünə güvən hissi olmalıdır deyə düşünürəm. İnamla hər şeyin öhdəsindən gəlmək olar" .
 

Və sonda. Etdiyiniz hər bir yardım İlahənin sağlamlığını geri qaytarmağa və arzularına çatmağa kömək edəcək. Hər bir köməyiniz İlahə üçün bir ümiddir.
 

BANK: Bank of Baku
ÜNVAN: Baş ofis, Atatürk pr 42, Bakı
TELEFON: (012)447-00-55
FAX: (012)498-82-78
VOEN: 1700038881
KOD: 506924
IBAN: AZ26JBBK00038010000145777I43
HESAB NOM: 38010000145777I43
MÜXBİR HESAB: AZ27NABZ01350100000000007944
SWIFT: JBBKAZ22
SAHIBKAR: HASANOV MAMMADALI ALIGULU
SAHİBKARIN ÜNVANI: HƏZİ Aslanov 1, Xırdalan şəh., Azərbaycan.
Poçt indeksi: AZ0100
SEVİNC FUAD

Müəllif | Apa.Tv
Apa.tv