“Oazis” restoranının iki əməkdaşı həbs olundu! - RƏSMİ AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda “Oazis” restoranında baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb. APA - nın məlumatına xəbərinə görə, məlumatda bildirilir ki, sentyabrın 2-də saat 02.00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri arasında baş vermiş münaqişə zamanı Bakı şəhər sakini Zaur Əsgərovun və başqalarının bədən xəsarətləri alması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işinin başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İnsidentlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan videogörüntülər cinayət işinin materiallarına əlavə olunub.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv