Toydan qayıdan maşınlar qəza törətdi: 1 ölü, 6 ağır yaralı var

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 335-ci kilometrliyində, rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Rayonun Faxralı kənd sakini, 28 yaşlı Rövşən Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə digər “Mercedes”ə, daha sonra isə Faxralı kənd sakini, 45 yaşlı İsgəndər Əhmədova məxsus “Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində hər üç avtomobilin sürücüsü və onların sərnişinləri - 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gulnar Musayeva ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, “Hyundai”ın sürücüsü İsgəndər Əhmədov dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti daha ağır olduğundan Bakıya gətirilib.

Xəstəxanadan bildiriblər ki, digər yaralıların vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Qeyd edək ki, "Mercedes"in sürücü Rövşən Bayramov və “Hyundai”ın sürücüsü İsgəndər Əhmədov həmkəndlidirlər və toydan qayıdırmışlar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli