Qubada qaya maşının üstünə düşdü, 4 nəfər yaralandı

Qubada iki yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, birinci hadisə Quba-Xınalıq yolunun 22-ci km-də, Küsnətqazma kəndi ərazisində qeydə alınıb. Quba sakini, 53 yaşlı Səftər Bağırov idarə etdiyi "Opel" markalı avtomobillə Xınalıq kəndi istiqamətində hərəkətdə olarkən qəflətən qayadan qopan iri daş parçaları maşına çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər sərnişin xəsarət alıb. Onlar Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, ilkin yardımdan sonra xəsarət alan şəxslər ambulator müalicəyə göndərilib.

Qubada baş verən digər yol qəzasında isə 2 nəfər xəsarət alıb. Hadisə Quba-Xaçmaz yolunun 8-ci km-də qeydə alınıb. Quba sakini, 48 yaşlı Elxan Haşımovun idarə etdiyi "NAZ-Lifan" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində ağaca çırpılıb. Nəticədə avtomaşında olan 2 sərnişin xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vəli Turan