Ərəb ölkələri İŞİD-ə qarşı birləşdilər

Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizə tədbirləri hazırlamaq barədə razılıq əldə ediblər. Bu barədə qərar Misirin paytaxtı Qahirədə ərəb ölkələri təşkilatının xarici işlər nazirləri səviyyəsində toplantısında qəbul edilib.

Ərəb Dövlətləri Liqasında üzv ölkələr razılığa gəliblər ki, radikal qruplaşmalara qarşı beynəlxalq və regional səylərə yardım etsinlər. Ərəb ölkələri BMT Təhlükəsizlik Şurasının İraq və Suriyada ekstremistlərə nəqliyyat, hərbi və maddi dəstəyin dayandırılması barədə qərarını dəstəkləyiblər.

Nazirlərin görüşünün əvvəlində Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi toplantı iştirakçılarının terrorçuluğun təzahürlərinə qarşı irimiqyaslı hərbi, siyasi, mədəni və iqtisadi mübarizə üçün cəsarətli qərar qəbul etməyə çağırıb.

Qeyd edək ki, "Əl Qaidə" ilə bağlılığı olduğu bildirilən İŞİD Suriyadakı hərbi əməliyyatlar zamanı güclənib. Bir neçə ay əvvəl isə qruplaşma İraqda fəallaşmağa başlayıb. İŞİD silahlıları ölkənin şimal və şimal-qərb əyalətlərində geniş ərazini ələ keçirib və xəlifət yaratdıqlarını bəyan ediblər.

Müəllif | Apa.Tv
Apa.tv