Cəlilabadda yol qəzasında üç nəfər yaralanıb

Cəlilabadda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 138-ci kilometrliyində, Cəlilabad şəhərində qeydə alınıb. Cəlilabadın Qarazəncir kənd sakini, 44 yaşlı Zabil Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən əks tərəfdən gələn Biləsuvar rayon sakini, 37 yaşlı Ramin Gülhəsənovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

“Mercedes”in sürücüsü qəzadan xəsarətsiz qurtarsa da, “VAZ-2106”-nın sürücüsü və daha iki sərnişini, Cəlilabad rayon sakinləri - 33 yaşlı Ramin Rzayev və 36 yaşlı Nemət Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri stabil kimi qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv