Xırdalanda partlayış baş verən binanın dağıntıları altından 8 nəfər çıxarılıb - ƏN SON GÖRÜNTÜLƏR

Xırdalanda partlayış baş vermiş dördmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatı davam edir. APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir. Partlayışdan dərhal sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerinə gəliblər. Səhiyyə Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda partlayış baş verən binadan xəstəxanalara 8 nəfərin gətirildiyi bildirilir. Onlardan bir qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan bir nəfər ilkin tibbi müayinələrdən sonra evə buraxılıb, bir uşaq Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.

Qeyd edək ki, bu vaxta kimi hadisə yerində ölən olmayıb. APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın birinci mərtəbəsində xilasetmə işlərini sürətləndirmək üçün taxta sədlər quraşdırılıb. Sədd və istinadgahların quraşdırılmasına səbəb xilasetmə əməliyyatı zamanı binanın qəfildən çökmə ehtimalının qarşısını almaqdır. Hazırda xilasetmə işləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv