Respublika Yanıq Mərkəzinə aparılan yaralının bədəninin 90 faizi yanıb - AÇIQLAMA

Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verən partlayışda yanıq xəsarətləri almış 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlunun vəziyyəti ağır olaraq qalır. Bu barədə APA TV-yə Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov məlumat verib: “Vidadi İsmayılovun bədəninin təxminən 90 faizə qədəri yanıb, o 2-ci, 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Burada müayinə zamanı bəlli oldu ki, tənəffüs yolları da yanıb. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır”.


Həkim Vidadi İsmayılovun oğlu, 13 yaşlı Yunis İsmayılovun bədəninin 30 faizə qədərinin yandğını deyib: “Hər iki aşağı ətraflarında 2 və 3-cü dərəcəli yanıq xəsarətləri vardır. Hazırda palataya köçürülüb. Onun vəziyyəti yüngül ağır qiymətləndirilir”.

Qeyd edək ki, partlayış baş verən binanın dağıntıları altından 8 nəfər xilas edilib. Onlardan bir qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. Bir uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır. Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.
 

Müəllif | Apa.Tv