Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin görüşü keçirilib

Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin IV energetika nazirlərinin qeyri-rəsmi görüşü keçirilib. APA TV-nin məlumatına görə, görüşdə məruzə ilə çıxış edən energita naziri Natiq Əliyev Azərbaycanın enerji sahəsində stabil dayanıqlı siyasət yürütdüyünü diqqətə çatdırıb: "Azərbaycan özünü tam enerji resursları ilə təmin edən ölkələrdən biridir. Hansısa ölkədən heç bir şəkildə bu sahədə asılı  deyil. Dünya elektrik enerjisinə ehtiyac duyur. Azərbaycan öz iqtisadiyyatına uyğun şəkildə bunu təmin etməyi və ehtiyacı olan ölkələrə ixracat həyata keçirməyi qarşısına məqsəd qoyub".

 

Tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottinger, Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan, Moldovanın energetika naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakrevski iştirak ediblər.

 

Natiq Əliyev tədbirdən sonra keçirilən mətbuat konfransında keçirilən görüşdə əsas məqsədin iştirakçı ölkələrdə enerji sahəsindəki vəziyyəti öyrənmək və mümkün ola biləcək problemləri müzakirə etmək olduğunu deyib: "Böyük problemlәrlә rastlaşırıq. Əvvəlcə Şimali Afrika, daha sonra Yaponiyada Fukusimada yaranan vəziyyət, indi isə Ukrayna və Rusiya münasibətlərini, ortaya çıxan problemləri müzakirə etdik. Biz növbəti qış mövsümündə hansi probləmlərlə rastlaşa biləcəyimizi də müzakirə etdik".

 

Günter Öttinger isə bildirib ki, görüşdə tərəflər enenerji təhlükəsizliyi sahəsində vəziyyəti stabilləşdirmə sahəsində fikir mübadiləsi aparıblar: "Bu ölkələr müxtəlif potensiala sahibdir, birgə işləməyə hazırdır. Azərbaycan neft və qaz hasilatı sahəsində böyük təcrübəyə malikdir və ixracatçı qismində iştirak edə bilər".

 

Sabah isə Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.

 

Müəllif | Apa.Tv