Nazir: "Uelsdə Qarabağ münaqişəsinə dair böyük sülh sazişinin zəruriliyi vurğulanıb"

"Uelsdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb".

 

APA TV-nin xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib: "Azərbaycanın mövqeyi dəyişməz və sadədir. Rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir, çünki bu vəziyyət ölkə üçün qəbuledilməzdir".

 

Nazir bildirib ki, sentyabrın sonunda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək: “Güman ki, bu ay ATƏT-in Minsk qrupunun  ABŞ-dan olan həmsədri Ceyms Uorlik regiona səfər edəcək və bu ay Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri çərçivəsində görüş keçiriləcək”.

 

Bu gün Elmar Məmmədyarov Bakıda moldovalı həmkarı ilə görüşüb. İkitərəfli və geniş tərkibli görüşdə iki ölkənin əməkdaşlığı üzrə intensiv fikir mübadiləsi aparılıb: "Hər iki tərəf ölkələrimiz üçün mühüm olan Dağlıq Qarabağ və Dnestryanı münaqişələri kimi məsələlərdə eyni mövqedən çıxış edir".

 

Moldova baş nazirinin müavini və xarici işlər naziri Natalya German isə deyib ki, Moldova xüsusilə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: "İki ölkənin siyasi sahədə münasibətləri yüksək səviyyədədir və ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük perspektivlər var. Moldova Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır".

 

Natalya German deyib ki, Moldova ilə Aİ-nin əməkdaşlığının inkişafı Azərbaycanla münasibətlərə də müsbət təsir göstərəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv