Zaqatalada gənc ana azyaşlı övladı ilə itkin düşüb

Zaqatalada gənc ana azyaşlı övladı ilə itkin düşüb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqust ayının 14-də RPŞ-yə müraciət edərək bildirib ki, rayonun Çökək kəndində ərdə olan qızı, 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun azyaşlı övladı, 2011-ci il təvəllüdlü Üneysət Rövşən qızı Quliyeva avqust ayının 12-də yaşadığı evdən nəməlum istiqamətə gedib və geri qayıtmayıb. Avqust 14-dən Ruqiyyət  Quliyeva və onun azyaşlı övladının axtarışlarına başlanılıb.

 

Samirat Qarayevanın APA TV-yə verdiyi məlumata görə, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Fedarasiyasının Perm şəhərində yaşayıblar. Hazırda qızının əri qazanc məqsədi ilə yenə Perm şəhərində işləyir: "İşdən gəldim, qız evdə yox idi. Çağırdım, səs vermədilər, oğluma dedim ki, gedib evə baxsın. Baxdı, heç kim yox idi. Səhər tezdən evdən çıxarkən bazara getdiyini deyib. Zəng elədim, cavab vermədi".

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov