Etibar Mirzəyev: “Dağıntılar altından 11 nəfər çıxarılıb, 1 uşağın axtarışı davam edir”

Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayışda 12 nəfər zərər çəkib. APA TV-nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

 

“11 saatdan artıqdır ki, axtarış xilasetmə tədbirləri həyata keçirilir. Bu ana partlayış baş vermiş ərazidən iki kişi, üç qadın və altı uşaq xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan bir kişi və bir qadın dünyasını dəyişib, insanlar müxtəlif dərəcədə xəsarət alıb. 12 nəfər xəsarət alıb, 11 nəfər çıxarılıb, onlardan iki nəfər vəfat edib, bir uşağın axtarışı isə davam edir. Partlayış ikinci mərtəbədə baş verib. İlkin ehtimallara görə, partlayışa səbəb qaz sızması olub”.
Etibar Mirzəyevin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatlarının uzun müddət davam etməsinin səbəbi partlayışdan sonra binanın çox təhlükəli vəziyyətə düşməsidir.
“Binanın dayanmasını müvəqqəti də olsa, saxlayırıq. Xilasedicilərimiz orada çox təhlükəli vəziyyətdə axtarış-xilasetmə işi aparırlar. Bu işi sonuncu uşaq tapılana qədər davam etdirəcəyik”.
 

Etibar Mirzəyev partlayış baş verən binanın söküləcəyini deyib.

 

“Bina söküləcək. Məndə olan məlumata görə, evlərinə ziyan dəyən insanlara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən evlər verilib. O ailələr həmin mənzilə köçürüləcəklər. Sonra binanın vəziyyəti haqqında məlumatlar toplanacaq, ekspertlər işləyəcək. Binanın yəqin ki gələcəkdə sökülməsi nəzərdə tutulacaq”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov jurnalistlərə açıqlamasında partlayışdan zərər çəkən insanların mənzillə təmin olunacağını deyib.

 

“Hadisə zamanı məcburi köçkün statusu olan 3 ailə xəsarət alıb. Artıq onlardan birinin məskunlaşması üçün mənzil müəyyən etmişik. Digər iki ailənin başı yasa qarışıb, sabah onlarla görüşüb, məskunlaşacağı mənzilləri müəyyən edəcəyik”.
 

Müəllif | Apa.Tv
Apa.tv