Lerikdə uzunömürlülərin yaradıcılıq festivalı keçirilib

Lerikdə  uzunömürlülərin yaradıcılıq festivalı keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Baləkən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin biliciləri, respublikanın tanınmış mədəniyyət və incəsənət ustaları iştirak ediblər.

 

Azərbaycanda ilk dəfə keçirilən bu festival respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyıb.

 

Festivalda yaşı 70-dən yuxarı olan ahıl insanlar bir sıra janrlarda - mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə bacarıqlarını nümayiş etdiriblər.

 

Uzunömürlülərin yaradıcılıq festivalı çərçivəsində həmçinin plov müsabiqəsi də keçirilib.

 

Festivalda fərqlənən şəxslərə təşkilat komitəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.

Müəllif | Apa.Tv