Ukraynada daha 20 hərbçi əsirlikdən azad edildi

Minskdə imzalanmış atəşkəs haqqında sazişə əsasən, daha 20 Ukrayna hərbçisi əsirlikdən azad edilib. APA TV-nin məlumatına görə, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Boris Filatov öz şəxsi “Facebook” səhifəsində yazıb. O azadetmə əməliyyatının Ukrayna Təhlükəsizlik Xidmətinin xətti ilə keçirildiyini, azad edilənlərin hamısının Krivoy Roq sakinləri olduğunu deyib.

Ukrayna Müdafiə Nazirliyi antiterror qüvvələrinin atəşkəs rejiminə birtərəfli qaydada riayət etdiklərini açıqlayıb. Nazirliyin məlumatına görə, hökumət qoşunlarının mövqeləri atəşə tutulmaqda davam edir. Dünən “Donetsk” aerodromu “Qrad” qurğularından sürəkli atəşə tutulub. Nazirlik Ukrayna hərbçilərinin yalnız cavab atəşi açdığını bildirir.

Donbasda antiterror əməliyyatı başladıqdan sonra 600-dən çox müəssisə dağıdılıb. Onların yenidən bərpası üçün on milyardlarla pul tələb olunur. Ukrayna Fiskal Dövlət Xidmətinin rəhbəri İqor Bilous bildirib ki, Donetsk vilayətində 396, Luqanskda 200-dən çox müəssisə fiziki olaraq məhv edilib və onların bərpasına uzun illər tələb olunur. Onun sözlərinə görə, dəyən ziyanın miqdarını yalnız əməliyyatlar başa çatdıqdan sonra dəqiqləşdirmək mümkün olacaq. Luqansk vilayət administrasiyasının rəhbərliyi münaqişə dövründə bölgədə 3700 obyektin dağıdıldığını bildirib. Onlardan 3516 obyekt şəxsi təsərrüfat, 57-ci dövlət müəssisəsi, 123-ü kommunal mülkiyyət formasıdır.

Müəllif | Apa.Tv
Apa.tv