Yenilik: TSEK-lər elektron sistemə keçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Komissiyaların elektron sistemə keçidinə başlayıb. Bundan sonra müraciət edən vətəndaşın şəxsiyyət vəsiqəsini sistemə daxil etməklə onun haqqında ətraflı məlumat almaq olacaq. APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, nazirlik tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb: "Bu, ilk növbədə məmur-vətəndaş münasibətlərinin azalmasına gətirib çıxaracaq. Digər tərəfdən isə əhali tərəfindən narazılıqlar, digər neqativ halların qarşısının alınmasına gətirib çıxaracaq".

 

Ölkədə əlilliyin yeni qaydalarla müəyyən ediləcəyini deyən nazir müavini bildirib ki, artıq bunun üçün Səhiyyə Nazirliyindən rəy alınıb. Onun sözlərinə görə, bu, əlilliyin təyin olunması haqqında Nazirlər Kabinetinin 1997-ci ildə tətbiq etdiyi qanunla deyil, yeni qaydalarla müəyyən ediləcək: "Artıq 17 il keçib və o vaxtı tibb sahəsində yeni metodlar tətbiq edilmirdi".

 

Nazir müavini Bakının Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları üzrə 9 saylı Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əsaslı təmir edilən və lazımi avadanlıqlarla təchiz edilmiş binaları ilə tanış olub. Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının yeni sistemdə işləmək bacarıqlarına yiyələnmələri üçün bütün bölgələrdə artıq treninqlər keçirilib. Tədbirlər zamanı hər iki TSEK-in yeni iş şəraitinə baxış olub, aparılan ayrı-ayrı müayinə işlərinə nəzər yetirilib.

Müəllif | Apa.Tv